"Apple" şirkəti mesajlaşma platforması "Telegram"ı uşaqlara qarşı cinsi istismar xarakterli materiallarla bağlı qaydaları pozduğu əsas gətirilərək qısa müddətə "App Store"dan çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Telegram" bazar ertəsi gecə saatlarında "iPhone" və "iPad" cihazları üçün nəzərdə tutulan tətbiq mağazasından silinib.
"Apple"ın ABŞ-də fəaliyyət göstərən bəzi media qurumlarına verdiyi açıqlamada bildirilib ki, aparılan yoxlama zamanı "Telegram"da şirkətin uşaqlara qarşı cinsi istismar materiallarını qadağan edən qaydalarını pozan məzmun aşkarlanıb.
Açıqlamaya görə, "Telegram" həmin məzmunu operativ şəkildə silib və onu paylaşan istifadəçinin hesabını blokladıqdan sonra tətbiq yenidən "App Store"a qaytarılıb.
"Telegram" baş verən hadisə ilə bağlı ABŞ-nin "X" sosial şəbəkəsində paylaşım edərək, "Mənim öldüyümə dair xəbərlər xeyli şişirdilib", ifadəsini işlədib.
Platforma "Apple"ı işarələdiyi digər paylaşımında isə, "Ümid edirəm ki, gələcəkdə bu yanaşma mağazada yer alan bütün digər tətbiqlərə də eyni şəkildə tətbiq olunacaq, elə deyilmi?" sualını ünvanlayıb.
Xatırladaq ki, Rusiya iyunun 30-da "Telegram"ın qurucusu və baş icraçı direktoru Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib.
Bundan başqa, Avstraliyanın İnternet Təhlükəsizliyi üzrə Komissarlığı terrorla əlaqəli məzmunu platformadan silmədiyi iddiası ilə "Telegram"a qarşı məhkəmə iddiası qaldırıb.