İraqda hökm sürən kəskin isti hava şəraiti ilə əlaqədar bir sıra vilayətlərdə dövlət müəssisələrində birgünlük qeyri-iş günü elan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, havanın temperaturunun 50 dərəcəni keçəcəyinə dair xəbərdarlıqlardan sonra Bəsrə, Zi Qar, Meysan, Kərbəla, Qadisiyyə, Babil və Vasit vilayətlərinin rəhbərliyi bu gün dövlət qurumlarında işin bir gün müddətinə dayandırılması barədə qərar qəbul edib.
Vilayət rəhbərliklərinin açıqlamalarında bildirilib ki, qərar dövlət qulluqçularının və vətəndaşların kəskin isti hava şəraitinin mənfi təsirlərindən qorunması məqsədilə verilib.
Eyni zamanda qeyd olunub ki, səhiyyə, təhlükəsizlik, elektrik təchizatı və digər həyati əhəmiyyət daşıyan xidmətləri göstərən qurumlar bu qərardan istisna ediləcək və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər.