Almaniyanın şərqində yerləşən "Leypsiq-Halle" Hava Limanında Ukraynaya məxsus yük təyyarəsinin dayandığı ərazidə partlayıcı qurğu quraşdırıldığı ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Leypsiq polisinin yaydığı məlumata görə, hadisə ötən gecə hava limanının yük terminalına yaxın perronda baş verib. Bildirilib ki, Ukraynaya məxsus Antonov tipli yük təyyarəsinin yaxınlığında növbə çəkən əməkdaşlar şübhəli pilotsuz uçuş aparatı aşkar ediblər.
İlkin baxış zamanı dronun üzərində partlayıcı qurğu ola biləcəyi ehtimal edilən şübhəli əşya müəyyən edildiyindən, hava limanının yük terminalında uçuşların hərəkəti müvəqqəti dayandırılıb. Bir sərnişin təyyarəsi də daxil olmaqla bir neçə hava gəmisi alternativ hava limanlarına yönləndirilib.
Hava limanının polisi və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər uzaqdan idarə olunan robotun köməyi ilə dronun üzərindəki qurğunun alışdırıcısını zərərsizləşdiriblər.
Almaniya mətbuatının məlumatına görə, texniki ekspertiza zamanı dronun üzərində həqiqətən partlayıcı qurğu olduğu müəyyən edilib. Lakin qurğudakı nasazlıq səbəbindən partlayış baş verməyib.
İlkin ehtimallara əsasən, partlayıcı qurğu dronun "Leypsiq-Halle" Hava Limanına uçuşu zamanı zədələnmiş ola bilər.
Mütəxəssislərin apardıqları ilkin ekspertiza zamanı qurğuda partlayışın gücünü artıran nitrat tərkibli maddələrin mövcudluğunu göstərən analiz müsbət nəticə verib.