Türkiyənin Kütahya şəhərində tək yaşayan 72 yaşlı Şərifə D.-dən iki gün ərzində xəbər ala bilməyən qonşuların müraciətindən sonra o, evindəki zibil yığınları arasında huşsuz vəziyyətdə aşkar edilib. Xəstəxanaya çatdırılan qadının səhhətinin qənaətbəxş olduğu bildirilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yunusemrə məhəlləsinin Aşiyan küçəsində yerləşən altımərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzildə baş verib.
Tək yaşayan Şərifə D.-nin qapısı önünə qoyulan yeməklərin iki gündür götürülmədiyini görən qonşular bu barədə 112 Təcili Yardım Xidmətinə məlumat veriblər.
Müraciətdən sonra hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Mənzilin qapısı açılmadığı üçün yanğınsöndürənlər eyvan vasitəsilə evə daxil olublar.
Mənzilə baxış zamanı Şərifə D. zibil yığınları arasında hərəkətsiz vəziyyətdə aşkar edilib.
Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra qadın təcili tibbi yardım avtomobili ilə Kütahya Şəhər Xəstəxanasına çatdırılıb. Onun səhhətinin yaxşı olduğu bildirilib.