Ukraynada Prezident Volodimir Zelenskinin ofisində çalışan yüksək vəzifəli şəxslərin də rəhbərləri arasında olduğu iddia edilən cinayətkar dəstəyə qarşı əməliyyat başladılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən dəstənin fəaliyyətində hazırkı və keçmiş deputatların da iştirak etdiyi bildirilir.
Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) məlumatına görə, qurum Prezident Aparatının yüksək vəzifəli şəxsləri, eləcə də parlamentin hazırkı və keçmiş deputatlarının rəhbərliyi ilə fəaliyyət göstərdiyi iddia edilən cinayətkar dəstənin ifşa olunması məqsədilə xüsusi əməliyyat keçirir.
NABU-nun sosial şəbəkə hesabında yayılan açıqlamada ölkədə fəaliyyət göstərən cinayətkar dəstənin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanıldığı bildirilib.
Açıqlamada qeyd olunub: “NABU və SAP (Ukraynanın İxtisaslaşmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu) Ukrayna Prezident Aparatının yüksək vəzifəli şəxsləri və digər şəxslərin iştirakı ilə Ukraynanın keçmiş və hazırkı deputatlarının rəhbərliyi altında fəaliyyət göstərən cinayətkar dəstənin ifşa edilməsi məqsədilə xüsusi əməliyyat həyata keçirir.”
NABU əməliyyatın təfərrüatlarının daha sonra açıqlanacağını bildirib.