ABŞ-də uşaqların psixi sağlamlığına zərər vurmaqda ittiham olunan "Meta" şirkətinə qarşı açılmış məhkəmə prosesi davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin keçmiş rəhbərlərindən Arturo Behar məhkəmədə "Meta"nın uşaqların təhlükəsizliyindən daha çox maliyyə maraqlarını ön plana çıxardığını iddia edib. O, şirkətin rəhbəri Mark Zukerberqin bu vəziyyətə bilərəkdən göz yumduğunu bildirib.
Əvvəllər "Meta"da mühəndislik direktoru vəzifəsində çalışan Behar bildirib ki, şirkət əməkdaşların fəaliyyətini qiymətləndirərkən sosial qarşılıqlı əlaqələr və gündəlik fəal istifadəçilərin sayı kimi göstəricilərdən istifadə edib. Onun sözlərinə görə, bu yanaşma təhlükəsizlikdən daha çox istifadəçi fəallığına və gəlirə üstünlük verildiyini göstərir.
Behar həmçinin "Meta"nın istifadəçiləri fasilə verməyə təşviq edən funksiyasının uğursuz olması üçün hazırlandığını iddia edib. O bildirib ki, bu funksiya ilkin olaraq avtomatik şəkildə aktiv edilməyib və istifadəçilərə göndərilən xatırlatmaları asanlıqla nəzərdən qaçırmaq mümkün olub.