İran Prezidenti Məsud Pezeşkian İslam Həkimlər Birliyinin Baş Məclisində çıxışı zamanı ölkədəki və bölgədəki vəziyyətlə bağlı açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki problemlərin yalnız dilə gətirilməsinin onların həllinə kömək etmədiyini vurğulayan Pezeşkian məsələlərin aradan qaldırılmasına diqqət yetirilməsinin vacibliyini bildirib. O, ölkə daxilindəki fikir ayrılıqlarının şəxsi ambisiyalardan qaynaqlandığını deyib və rəhbərlərin ədalət və dürüstlük prinsipləri əsasında xalqa xidmət etməli olduğunu qeyd edib.
Danışıqlar prosesinə və iyunun 17-də imzalanmış razılaşmaya toxunan Pezeşkian Milli Təhlükəsizlik Ali Şurasında yekdilliklə qəbul edilən sənədin böyük uğur olduğunu vurğulayıb. O, razılaşmanın təslimçilik anlamına gəlmədiyini və bütün öhdəliklərin qarşı tərəfin üzərinə düşdüyünü bildirib.
Pezeşkian İranın sülhə açıq olduğunu, lakin istənilən təzyiq və hücuma qarşı sonadək müqavimət göstərəcəyini deyib.
İranın hərbi və ictimai dayanıqlılığına diqqət çəkən prezident bildirib: “Bu gün güclü və nüfuzlu mövqedə olduğumuz, bütün dünyanın qələbəmizi qəbul etdiyi və ABŞ-ın qaydaları pozaraq məktəblərimizi, xəstəxanalarımızı və infrastrukturumuzu hədəfə aldığı məlum olduğu bir vaxtda müharibəni başa çatdırmaq ən doğru addımdır. Ölkə daxilindəki fərqli fikirləri qəbul etməli və birlik olmalıyıq. Birlik olsaq, güclü qalacağıq, parçalanarıqsa, məhv olarıq”.