İtaliyanın Siciliya adasındakı Etna vulkanının güclü şəkildə kül püskürməsi səbəbindən Kataniya hava limanı uçuşlara bağlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kataniya hava limanının operatoru SAC-ın sosial media hesabında yayılan açıqlamada Etna vulkanındakı vulkanik fəallıq səbəbindən yerli vaxtla saat 16:00-dək hava limanına bütün eniş və uçuşların dayandırıldığı bildirilib.
Sərnişin axını baxımından İtaliyanın ən çox yüklənən beşinci hava nəqliyyatı mərkəzi olan hava limanında reyslərin dayandırılması turizm mövsümünün qızğın çağında minlərlə sərnişinin hava limanında qalmasına səbəb olub.
Avropanın ən hündür və ən fəal vulkanı olan Etnada baş verən püskürmələr bölgədə hava nəqliyyatının fəaliyyətini tez-tez pozur. Mütəxəssislər bu dövrdə kül püskürməsinin qeyri-adi dərəcədə gücləndiyini bildiriblər.
Hava limanının rəsmiləri uçuş-enmə zolaqlarının küldən təmizlənməsi və uçuşların təhlükəsizliyinin bərpası məqsədilə təmizlik işlərinin fasiləsiz davam etdiyini qeyd ediblər.