ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink ABŞ-ın Yer orbitində kosmik silah yerləşdirdiyini ilk dəfə rəsmən etiraf edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meink silahın xarakteri və imkanları barədə ətraflı məlumat verməyib. O bildirib ki, sözügedən sistem ABŞ qüvvələrini düşmən hərəkətlərindən qorumaq məqsədilə istifadə olunur.
Nazir bəyanatında sözügedən silahın hansı sistem olduğu, hansı imkanlara malik olduğu, necə istifadə edilə biləcəyi və nə vaxt orbitə çıxarıldığı barədə məlumat verməyib. Meink yalnız həmin sistemin ABŞ qüvvələrini düşmən hərəkətlərindən qorumaq baxımından zəruri olduğunu bildirib.
Meink həmçinin bəzi rəqiblərin ABŞ-ın kosmosdakı müşahidə, rabitə və idarəetmə sistemlərini sıradan çıxarmağa yönəlmiş cəhdlər göstərdiyini deyib.
ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri daha əvvəl Rusiya və Çinin mümkün münaqişə zamanı ABŞ peyklərinə hücum etmək və onları sıradan çıxarmaq üçün müxtəlif üsullar hazırladığını iddia etmişdilər.
Vaşinqton bu səbəbdən kosmosdakı hərbi imkanlarını genişləndirmək planlarını gündəmə gətirib.