Belçikanın paytaxtı Brüsseldə minlərlə tələbə universitetlərdə təhsil haqqının artırılmasına və ali təhsildə tətbiq olunan akademiki müvəffəqiyyət tələblərinin sərtləşdirilməsinə qarşı etiraz aksiyası keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Belçikada fransızdilli təhsil verən universitet və ali məktəb tələbələrini təmsil edən FEF təşkilatının çağırışı ilə 5 minə yaxın tələbə Brüssel Mərkəzi Dəmir Yolu Vağzalının qarşısına toplaşıb.
Ali təhsil siyasətinə etiraz edən gənclər mərkəzi küçələrlə Valoniya-Brüssel Federasiyası hökumətinin binasına doğru yürüş ediblər.
Tələbələr universitet və ali məktəblərdə illik tam təhsil haqqının 835 avrodan 1194 avroya qaldırılmasına, habelə təhsilin müəyyən olunmuş müddət ərzində başa vurulmasını məcburi edən müvəffəqiyyət şərtlərinin ağırlaşdırılmasına qarşı çıxıblar.
Aksiya iştirakçıları mənzil, nəqliyyat, qidalanma və dərs ləvazimatlarının qiymətindəki bahalaşmaya da kəskin tepki göstəriblər.
Təhsil həmkarlar ittifaqları və bəzi müəllim birlikləri də tələbələrin etiraz aksiyasına dəstək veriblər.