Zonquldakda 17 yaşlı Sıla T.-nin rəfiqələri ilə görüşdüyü və icazəsiz ticarət mərkəzinə getdiyi bəhanəsilə döyüldüyü, qandallanaraq çarpayıya zəncirləndiyi iddia olunub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra valideynlər saxlanılıb, Sıla T. və bədənlərində xəsarət izləri təsbit edilən 3 bacı-qardaşı dövlət mühafizəsinə götürülüb.
Hadisə Elvanpazarcıq qəsəbəsinin Cümhuriyyət məhəlləsində baş verib. 112 Təcili Çağrı Mərkəzinə daxil olan zəngdə Sıla T.-nin atası Səlahəddin T. tərəfindən döyüldüyü və zəncirlə çarpayıya bağlandığı bildirilib. Məlumat əsasında əraziyə jandarma əməkdaşları cəlb olunub.
Jandarma heyəti Sıla T.-nin nənəsi ilə birgə daxil olduğu evdə gənc qızı qandallanmış və çarpayıya zəncirlənmiş vəziyyətdə aşkar edib.