ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ayın Tədqiqi Orbiterinin (LRO) Ayın səthində nəhəng krater aşkarladığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kraterin təxminən iki il əvvəl baş vermiş güclü toqquşma nəticəsində yarandığı bildirilib.
NASA-nın Ayın Tədqiqi Orbiteri Ayın Yerə görünən tərəfində 2024-cü ilin mayında asteroidin və ya kometin parçasının səthə çırpılması nəticəsində yaranan krater aşkarlayıb. Yer və kosmosdakı teleskoplar tərəfindən qeydə alınmayan toqquşma Ayın Tədqiqi Orbiteri tərəfindən də böyük həcmdə məlumat axını səbəbindən yalnız 2025-ci ilin avqustunda müəyyən edilib.
Kosmik aparat kraterin ətraflı görüntülərini əldə edib və kəşf bu ilin əvvəlində təsdiqlənib. Dik yamaclı kraterin diametrinin təxminən 222 metr, dərinliyinin isə 43 metr olduğu müəyyənləşdirilib.
Günəş sistemində yaxın zamanda yarandığı məlum olan ən böyük toqquşma krateri hesab edilən bu obyektə Hyuston Ay və Planet İnstitutunun keçmiş direktoru Tomas MakGetçinın adı verilib.