"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin icrasına başlanması ilə Ermənistan və onun iqtisadiyyatı üçün yeni bir dövrün əsası qoyulacaq".
Manset.az Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında keçirilən illik "Konkordiya" sammitindəki panel müzakirəsi zamanı çıxış edərkən bildirib.
"Hazırda bizim əsas diqqətimiz TRIPP layihəsinin həyata keçirilməsinə yönəlib ki, bunun da nəticəsində regionda qarşılıqlı əlaqələr tam şəkildə təmin olunacaq. TRIPP dövlətimiz və iqtisadiyyatımız üçün yeni bir mərhələ açacaq, çünki ilk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq", - deyə Paşinyan qeyd edib.
O, həmçinin vurğulayıb ki, Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və bu çərçivədə dəmir yolu əlaqəsinin qurulmasını səbirsizliklə gözləyir.
"Ümumilikdə, bu addım beynəlxalq logistikanı da dəyişdirəcək, belə ki, beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni bir marşrut əldə edəcək", - deyən Ermənistanın baş naziri əlavə edib ki, bu yolla həm də Ermənistan hökumətinin "Sülh kəsişməsi" layihəsi reallaşdırılacaq.
Qeyd edək ki, Paşinyan sentyabrın 22-dən 25-dək Nyu-Yorkda işgüzar səfərdədir. Səfər çərçivəsində o, BMT Baş Assambleyasının 81-ci sessiyasının işinə qatılacaq və yüksəksəviyyəli iclasda nitq söyləyəcək.