Azərbaycan millisi Tacikistanla oyunda qələbə qazanmaq istəyir.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis sabahkı matça ciddi hazırlaşdıqlarını bildirib:
"Bizi qarşıda 4 oyun gözləyir. İlk dəfədir ki, milli səviyyəsində qısa müddət ərzində 4 matç keçirəcəyik. Bunun üçün geniş heyət yığmışıq. Rəqib komanda 2026-cı ildə məğlub olmayıb. Tacikistanla matçda yaxşı oynayaraq qələbə qazanmaq istəyirik. Futbolçularımız əllərindən gələnin ən yaxşısını edəcəklər".
O, bəzi oyunçuların düşərgəyə gec qoşulduğunu söyləyib:
"Cəlal Hüseynov və Anton Krivotsyuk hələ ki, məşq etməyiblər. Heyətə yeni cəlb olunan futbolçuların milli komandanın ab-havasını hiss etmələrini istəyirik. Hazırlığımızı Millətlər Liqasının 3 oyununa görə quracağıq".
A.Abbasov Nəriman Axundzadənin Türkiyənin "Ərzurumspor" klubunda əsas heyətə düşə bilməməsi barədə danışıb:
"Başqa çempionatlarda yerlilərdən legionerlərin bir baş üstün olmasını istəyirlər. Bizdə isə əksinədir. Nərimana oyun praktikası lazımdır. Buna görə də düşündük ki, Nəriman U-21 millisinə kömək etsin, həm də oyun praktikası artsın. Təəssüf ki, o son matçlarda 1 dəqiqə belə olsun meydanda olmayıb".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.