“Qalatasaray”ın mövsümün əvvəlində Rusiyanın “Lokomotiv Moskva” klubundan 25 milyon avro qarşılığında heyətinə cəlb etdiyi Aleksey Batrakov Rusiya milli komandasının düşərgəsində diqqətçəkən açıqlamalar verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu İstanbulda yeni həyatını və “Qalatasaray”da keçirdiyi ilk ayı dəyərləndirib. O, türkiyəli insanların futbola böyük maraq göstərməsinə diqqət çəkib, həmçinin ölkəsi ilə bağlı səmimi fikirlərini bölüşüb.
İstanbulda ilk günlərindən və uyğunlaşma prosesindən danışan Batrakov deyib:
“Ən sadə sözləri öyrənmişəm: “Salam”, “tamam”, “sabahınız xeyir”. Hələlik yalnız bunları bilirəm. Hazırda daha çox ingilis dilinə diqqət yetirirəm. Çünki birdən-birə tamamilə yeni mühitə düşdüm. 15 il ərzində eyni klubda, eyni sistem daxilində olmuşam. Birdən-birə ölkəni, şəhəri və komandanı dəyişmək asan deyil”.
Milli komandanın düşərgəsinə qatılmağın onun üçün böyük şərəf olduğunu bildirən gənc futbolçu Moskvaya həsrət qaldığını da gizlətməyib.
“Buraya həmişəki kimi yaxşı əhval-ruhiyyə ilə gəlmişəm. Ümumiyyətlə, bunu hər zaman deyirəm: milli komandanın rənglərini qorumaq mənim üçün şərəfdir. “Lokomotiv”də, “Qalatasaray”da və ya başqa bir yerdə çıxış etməyimin fərqi yoxdur. Bu, mənim üçün çox önəmlidir.
Həmçinin, bir aydır Rusiyada olmamışdım. Moskva, dostlarım, komandam və oradakı ab-hava üçün darıxmışdım. Buna görə də milli komandanın düşərgəsinə qatıldığım üçün xoşbəxtəm”.