ABŞ administrasiyasının Ukrayna müharibəsini başa çatdırmaq üçün diplomatik səylərini artırdığı bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində bir araya gəliblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra verdiyi bəyanatda “enerji atəşkəsinə hazırız” mesajını çatdıran Zelenski Rusiyanın rəhbəri Vladimir Putinə də müharibəni dayandırmaq üçün “bir arada əyləşib danışmaq” çağırışı edib.
Zelenski Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduğunu, lakin bunun əvəzində Moskva tərəfinin Ukraynanın enerji infrastrukturuna qarşı zərbələrinə son qoymalı olduğunu bildirib.
Müharibənin başa çatması üçün Tramp, Putin və özünün iştirakı ilə üçtərəfli sammitin keçirilməsinin vacibliyini qeyd edən Ukrayna dövlət başçısı deyib: “Bütün tərəflər hazır olduqda mən də hər zaman hazıram. Düşünürəm ki, mümkün qədər tez irəliləməliyik”. Zelenski sözlərinə davam edərək əlavə edib: “Müharibəni bitirmək istəyirsiniz? Əyləşin, danışın, bitirin”.