Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik
Agentliyi (MKA) onlayn dələduzluq və rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində
fəaliyyət göstərən beynəlxalq təşkilat Global Anti-Scam Alliance-a (GASA) üzv olub.
Manset.az xəbər verir ki, MKA-nın GASA-ya üzvlüyü onlayn dələduzluqla mübarizə
sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi
və tətbiqi, eləcə də Azərbaycanın bu sahədə təcrübəsinin beynəlxalq müstəvidə təqdim
edilməsi üçün yeni imkanlar yaradır.
Üzvlük çərçivəsində MKA onlayn dələduzluq üzrə
qlobal trendlər, yeni hücum metodları, süni intellekt əsaslı dələduzluq sxemləri,
sosial mühəndislik taktikaları və maliyyə dələduzluğu mexanizmləri ilə bağlı
araşdırma və analitik materiallara çıxış əldə edəcək.
Bununla yanaşı, MKA GASA-nın işçi qruplarında
iştirak edərək onlayn dələduzluğun qarşısının alınması, məlumat mübadiləsi,
araşdırma və maliyyə dələduzluqları ilə mübarizə istiqamətlərində beynəlxalq təcrübənin
öyrənilməsinə və birgə təşəbbüslərə töhfə vermək imkanına malik olacaq.
Üzvlük MKA-ya müxtəlif ölkələrin dövlət qurumları
ilə yanaşı, bank sektoru, telekommunikasiya operatorları, texnologiya
platformaları və kibertəhlükəsizlik şirkətləri ilə əlaqələrin genişləndirilməsi
üçün əlavə imkanlar verir.
Eyni zamanda, MKA tərəfindən həyata keçirilən maarifləndirmə kampaniyaları, milli xəbərdarlıq mexanizmləri və onlayn dələduzluqla mübarizə sahəsində formalaşmış təcrübənin GASA şəbəkəsi vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilməsi də mümkün olacaq. Bu, Azərbaycanın müvafiq sahədəki təcrübəsinin müxtəlif ölkə və sektorların nümayəndələri ilə paylaşılmasına şərait yaradacaq.
GASA haqqında
Global
Anti-Scam Alliance (GASA) onlayn dələduzluq və
rəqəmsal mühitdə istifadəçilərə qarşı törədilən maliyyə və psixoloji zərərin
azaldılması məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.
Təşkilat dövlət və özəl sektor qurumları,
hüquq-mühafizə orqanları, maliyyə institutları, texnologiya şirkətləri,
telekommunikasiya operatorları və kibertəhlükəsizlik şirkətlərini bir araya gətirir.
GASA-nın rəsmi məlumatına əsasən, qlobal şəbəkəsinə
120-dən artıq təşkilat daxildir və 6 regionda, 90-dan çox ölkədə fəaliyyət göstərir.
Təşkilatın üzvləri sırasında texnologiya, maliyyə və kibertəhlükəsizlik
sektorlarının aparıcı şirkətləri, eləcə də dövlət qurumları, o cümlədən Amazon,
Google, Meta, Microsoft, Mastercard, Visa, OpenAI, TikTok, Trend Micro,
Bitdefender, McAfee, ScamAdviser, GSMA, JPMorgan Chase və Lloyds Banking Group
kimi şirkət və qurumlar yer alır.
GASA qlobal və regional dələduzluq trendlərinin öyrənilməsi,
maarifləndirmə və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, məlumat mübadiləsi,
praktiki yanaşmaların formalaşdırılması, eləcə də beynəlxalq tədbir və təlimlərin
təşkili istiqamətlərində fəaliyyət göstərir.