Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən müharibəsi şəhidi Əzizov Elvin Əfrail oğlunun qızlarını ali məktəbə qəbul olmaları münasibətilə qəbul edib.
Manset.az xəbər verir ki, görüşdə şəhid qızları ilə yanaşı Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, şəhidin atası və qardaşı da iştirak edib.
Rayon rəhbəri şəhid yadigarlarını ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.
Rayon rəhbəri bildirib ki, Vətən müharibəsi şəhidlərinin övladlarının yüksək nəticələr göstərərək ali məktəblərə qəbul olunması həm ailələri, həm də onları tanıyan hər kəs üçün qürurverici hadisədir. Gənclərin təhsilə və elmə göstərdiyi maraq şəhidlərimizin əziz xatirəsinə ən dəyərli ehtiram nümunələrindən biridir.
Görüş zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanılıb, onları narahat edən məsələlər diqqətdə saxlanılıb. Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların müraciət və qayğılarının həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək dövlət qayğısını xüsusi qeyd edərək, bu diqqətin ailələr üçün böyük mənəvi dayaq olduğunu vurğulayıblar.
Şəhid atası Əfrail Əzizov rayon rəhbərliyinin şəhid ailələrinə mütəmadi diqqət və qayğı göstərməsini yüksək qiymətləndirərək, ali məktəbə qəbul olan övladlarının uğurunun onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
Görüş səmimi söhbət və xoş arzularla başa çatıb.