Qlobal istiləşmə səbəbindən bütün dünyanı təhdid edən "Süper El-Ninyo" təzahürünün gətirdiyi anomaliya xarakterli bürkü və istilərin yaxın 6 ay ərzində 450 mindən çox insanın ölümünə yol açacağı ehtimal edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iqlimşünas alimlər bu qlobal təhlükəyə qarşı təcili tədbirlərin görülməsi ilə bağlı həyəcan təbili çalırlar.
Ekspertlərin hesablamalarına görə, bu dəhşətli rəqəm iqlim böhranının artıq yüksəltdiyi temperatur göstəriciləri səbəbindən baş verən vaxtsız ölümlərin üzərinə əlavə olaraq gələcək. İndoneziyadan Hindistana, Nigeriyadan ABŞ-yə qədər geniş bir coğrafiyada təsirli olacağı gözlənilən El-Ninyo eyni zamanda quraqlıq, meşə yanğınları və daşqınlar kimi təbii fəlakətlər vasitəsilə də kütləvi itkilərə səbəb olacaq.
Tədqiqatçılar bu proqnozların insan həyatını xilas etmək imkanlarının olduğu sahələri müəyyənləşdirməyə kömək etdiyini vurğulayırlar. Bu çərçivədə havanın temperaturunun daha dəqiq proqnozlaşdırılması, insanların sığınması üçün sərinlətmə mərkəzlərinin yaradılması, ən isti vaxtlarda tibb müəssisələrində personal sayının artırılması və açıq havada çalışan işçilər üçün xüsusi mühafizə tədbirlərinin görülməsi vacib şərt kimi irəli sürülür.