Nigeriyada bankın səhvi nəticəsində bir şəxsin hesabına təxminən 1 milyon dollar köçürülməsi və bundan sonra baş verənlər gündəm olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ojo Egosa Kingsley bankın səhvi nəticəsində hesabına yatırılan vəsaitdən istifadə etdiyi üçün təqsirli bilinib. İşə 2026-cı ilin yanvarında Edo Ştatının Ali Məhkəməsində baxılıb.
Məhkəmə Kingsleyə iki seçim təqdim edib: 1 il müddətinə azadlıqdan məhrumetmə və ya cərimə ödəyərək hesabda qalan vəsaiti geri qaytarmaq.
Məlumata görə, Kingsley cərimə ödəyərək vəsaiti geri qaytarmaq əvəzinə 1 il həbs cəzası çəkməyi seçib.
Bankın məlumatına əsasən, sözügedən vəsait qurum daxilində baş verən əməliyyat səhvi səbəbindən yanlış hesaba köçürülüb. Lakin araşdırma zamanı Kingsleyin pulun səhvən hesabına yatırıldığını başa düşməsinə baxmayaraq, bu barədə banka məlumat vermədiyi, vəsaitin bir hissəsini xərclədiyi, digər hissəsini isə başqa hesablara köçürdüyü müəyyənləşdirilib.
Məhkəmə prosesi zamanı təqsirini etiraf edən Kingsley barədə qərar qəbul edilərkən bildirilib ki, pul səhvən köçürülsə belə, ondan bilərəkdən istifadə etmək cinayət hesab olunur.
Məhkəmə hesabda qalan vəsaitin banka qaytarılmasına da qərar verib.
Hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər “Bu qədər pul qarşılığında mən də 1 il həbs cəzasını seçərdim” fikrini səsləndirib. Digərləri isə vəsaiti geri qaytarmağın daha düzgün olduğunu qeyd edib.