Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin Yəmənin qərbində husilərin nəzarətində olan Həccə, Taiz və Ləhic vilayətlərinə hava zərbələri endirdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Husilər Səudiyyə Ərəbistanının hücumlar zamanı 7 ayrı məntəqəni hədəfə aldığını açıqlayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri Həccə vilayətinin Vuşha rayonunda rabitə şəbəkəsinə 4 hava zərbəsi endirib. Ləhic vilayətinin Qubeyta rayonunda yerləşən Əl-Hicr İnstitutunun da bir hava zərbəsi ilə hədəfə alındığı qeyd olunub.
Husilərə bağlı SABA xəbər agentliyinin məlumatına görə, Taiz vilayətinin Hayfan rayonuna 4, Əl-Kədha bölgəsinə 2, İctimai Kollecə 1, Samiya rayonuna isə 1 hava zərbəsi endirilib.
Məlumatda hücumların nəticələri və mümkün insan tələfatı barədə hər hansı məlumat verilməyib. Səudiyyə Ərəbistanı hakimiyyəti isə husilərin iddiaları ilə bağlı hələlik açıqlama verməyib.
Yəməndə husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayan vətəndaş müharibəsi davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin martından etibarən beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yəmən hökumətinə dəstək verir.