ABŞ Prezidenti Donald Tramp ilə respublikaçı senator Tom Kotton arasında ilboyu yay vaxtının tətbiqi ilə bağlı fikir ayrılığı dərinləşib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp sosial media hesabında yay vaxtının ilboyu tətbiqini nəzərdə tutan qanun layihəsinin Senatda qəbuluna mane olduğu üçün Kottonu tənqid edib.
ABŞ Prezidenti Arkanzas ştatının sakinlərini senatorla əlaqə saxlamağa və qanun layihəsinin qəbulunu tələb etməyə çağırıb.
“Arkanzasdakı hər kəsə deyirəm: Tom Kotton çox mühüm qanun layihəsini əngəlləyir. Ştat sakinləri senatorla əlaqə saxlamalı və bunun həyata keçirilməsini tələb etməlidirlər”, – Tramp bildirib.
O, qanun layihəsinin bütün amerikalılar üçün əhəmiyyətli olduğunu vurğulayıb və Kottonu sənədin qəbuluna mane olmamağa çağırıb.
Tramp bundan əvvəl də Kottona qarşı sərt mövqe nümayiş etdirib. O, sosial media hesabında senatorun mobil telefon nömrəsini paylaşaraq seçiciləri Kottonla əlaqə saxlamağa və ondan qanun layihəsinin qarşısını almamasını tələb etməyə çağırıb.
Qeyd edək ki, ABŞ-da yay vaxtına keçid Birinci Dünya müharibəsi dövründən müxtəlif formalarda tətbiq olunub. 1966-cı ildə qəbul edilən federal qanunla isə yay vaxtının ölkə üzrə tətbiqinə dair vahid qaydalar müəyyənləşdirilib.