Rusiya hərbçilərinin oktyabrın 8-də səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 14 nəfər yaralanıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Donetsk vilayət prokurorluğunun məlumatına görə, zərbə planlaşdırılan bomba ilə həyata keçirilib və iki sərnişin avtobusuna düşüb.
Kramatorsk şəhər şurası hadisəni mülki əhaliyə qarşı hücum kimi qiymətləndirib və şəhərdə ictimai nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb.
Donetsk vilayət administrasiyasının rəhbəri Vadim Filaşkin bölgə sakinlərini Ukraynanın daha təhlükəsiz ərazilərinə təxliyə olunmağa çağırıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı müharibə qanunlarının və adətlərinin pozulması maddəsi ilə araşdırmaya başlayıb.
Bundan başqa, oktyabrın 8-də səhər saatlarında Kiyevin Solomenski rayonunda Rusiya pilotsuz uçuş aparatı 4 mərtəbəli mağaza binasına çırpılıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Gecə saatlarında Kiyevə hücum zamanı isə dronlar 12 və 5 mərtəbəli yaşayış binalarına zərbə endirib. Nəticədə 4 nəfər ölüb, 21 nəfər yaralanıb.
Bundan bir gün əvvəl, oktyabrın 7-də Rusiya hərbçiləri Çerniqov vilayətinin Priluki şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib. Son məlumata görə, hücum nəticəsində 22 nəfər, o cümlədən 5 uşaq həlak olub. Daha 54 nəfər yaralanıb, yaralılar arasında 7 azyaşlı var.
Beləliklə, oktyabrın 7-də Ukraynada Rusiya hücumları nəticəsində ümumilikdə 30 mülki şəxsin öldüyü bildirilir. Ölənlər arasında Prilukidən başqa, Kiyev, Kremençuk və Aleksandriya sakinləri də var.