Rusiya tədqiqatçıları süni intellekt alqoritmləri, həmçinin buxarlanma və yağıntı dinamikasının təhlili vasitəsilə su səviyyəsinin dəyişmələrini proqnozlaşdırmaq məqsədilə Xəzər dənizinin rəqəmsal əkizini yaratmağı planlaşdırırlar.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Xəzər ekoloji sammitindəki çıxışı zamanı məlumat verib.
"Xəzər dənizinin rəqəmsal əkizinin yaradılması ilə bağlı Rusiyanın təklifini də xüsusi qeyd etmək istərdim. Burada söhbət çay axınlarının, yağıntıların və buxarlanmanın dinamikasının təhlilinə əsaslanan süni intellekt alqoritmlərinin tətbiq olunduğu yüksək dəqiqlikli virtual modeldən gedir. Bu modelin köməyi ilə Xəzər dənizində su səviyyəsinin dəyişməsinə dair etibarlı ssenariləri hesablamaq mümkün olacaq", - deyə Vladimir Putin qeyd edib.
Dövlət başçısı əlavə edib ki, sözügedən modeldən gəmiçiliyin təhlükəsizliyini artırmaq, həmçinin naviqasiya marşrutlarını dəqiqləşdirmək və onlara düzəlişlər etmək üçün də istifadə oluna bilər. Prezident Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələri də bu təşəbbüsə qoşulmağa dəvət edib.