ABŞ-ın yanvarın 3-də həyata keçirdiyi hərbi müdaxilə nəticəsində saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Nyu-Yorkda baxılan məhkəmə işi üzrə ittihamnaməyə yeni maddələr əlavə edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yayılan məlumata görə, federal prokurorlar Maduronun 2013-cü ildən başlayaraq siyasi müxaliflərinə qarşı “dövlət tərəfindən dəstəklənən işgəncə və təzyiq sistemini təsdiqlədiyini”, həyat yoldaşı Floresin isə “rejimin tətbiq etdiyi zorakılıq mexanizmlərinin inkişafına kömək etdiyini” iddia ediblər.
Açıqlamada Nyu-Yorkun Cənub Dairəsi üzrə baş prokuroru Ceymi Makdonaldın aşağıdakı fikirlərinə yer verilib:
“Bu gün təqdim edilən əlavə ittihamnamədə qeyd olunduğu kimi, Nikolas Maduro Moros və Siliya Adela Flores de Maduro 20 ildən artıqdır ki, əvvəllər irəli sürülmüş narkotik qaçaqmalçılığı və silahlarla bağlı cinayət ittihamlarına əlavə olaraq, ABŞ vətəndaşlarına işgəncə verilməsi də daxil olmaqla, işgəncə cinayətlərinin törədilməsi məqsədilə əlbir olublar”.
Bildirilib ki, irəli sürülən ittihamlar nəzərə alınarsa, Maduro və həyat yoldaşı ən azı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, hətta ömürlük həbsə məhkum edilə bilərlər.