logo
logo logo
logo

Putinin paytaxtında ev qiymətləri astronomik həddə çatdı

00:30 - 19 Oktyabr 2026

Putinin paytaxtında ev qiymətləri astronomik həddə çatdı

Rusiyanın paytaxtı Moskvada yeni tikilən mənzillərin qiymətlərində ciddi dəyişiklik baş verib.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, şəhərdə nisbətən ucuz mənzillərin payı sürətlə azalır, bahalı daşınmaz əmlakın payı isə artır.

Bu barədə Rusiyanın “Gazeta.ru” nəşri məlumat yayıb.

Son bir ildə Moskvada qiyməti 30 milyon rubla qədər olan yeni mənzillərin bazardakı payı 9 faiz bəndi azalaraq 54 faizə düşüb.

Əksinə, qiyməti 60 milyon rubldan yüksək olan mənzillərin payı 4 faiz bəndi artaraq 13 faizə çatıb. Bu isə paytaxtın yeni tikili mənzil bazarında təxminən hər səkkiz mənzildən birinin 60 milyon rubldan baha olması deməkdir.

Mütəxəssislər bahalaşmanın əsas səbəblərindən biri kimi tikinti sahəsində tətbiq edilən yeni şəhərsalma normalarını göstərirlər.

Onların sözlərinə görə, tikinti sıxlığı ilə bağlı qüvvədə olan tələblər və digər dəyişikliklər şirkətləri orta sahəsi 60 kvadratmetr və daha böyük olan mənzillər layihələndirməyə məcbur edir.

Bu isə avtomatik olaraq mənzillərin ümumi satış qiymətini yüksəldir və yeni yaşayış komplekslərinin daha bahalı bazar seqmentinə keçməsinə səbəb olur.

“Upside Development” şirkətinin baş direktorunun müavini Yuri Koqan bildirib ki, alıcıların tələbləri də dəyişir. Onlar daha geniş sahəyə, keyfiyyətli təmirə və inkişaf etmiş infrastruktura malik mənzillərə üstünlük verirlər.

Koqanın proqnozuna görə, yaxın bir-iki ildə Moskvanın eyni ərazilərində yerləşən, oxşar planlaşdırmaya malik mənzillər daha 20–30 faiz bahalaşa bilər.

“Nikoliers” şirkətinin regional direktoru Kirill Qolışev isə paytaxtda komfort sinfinə aid yeni yaşayış layihələrinin başlanmasının faktiki olaraq dayandığını bildirib. Hazırda əsasən əvvəllər təsdiqlənmiş layihələrin növbəti mərhələləri tikilir.

Digər maraqlı məlumatı “Metrium” şirkətinin analitikləri açıqlayıblar. Onların hesablamalarına əsasən, 2026-cı ilin iyulunda Moskvada yeni mənzil və apartamentlərin orta satış qiyməti 47,4 milyon rubla çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz yüksəkdir.

Köhnə Moskvanın inzibati sərhədləri daxilində orta qiymət 55,9 milyon rubl, Yeni Moskvada isə 18 milyon rubl təşkil edib.

Bundan başqa, 2026-cı ilin üçüncü rübünün nəticələrinə görə, Moskvanın premium sinif yeni tikililərində bir kvadratmetrin orta təklif qiyməti 914 min 970 rubla çatıb. Bu da illik müqayisədə 13 faiz artım deməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az