Avropanın şimalına təsir edən Boelo və Austen fırtınaları nəticəsində Almaniyada iki, Brüsseldə isə dörd nəfər xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bölgəni bürüyən güclü fırtınalar 150 mindən çox evdə elektrik enerjisinin kəsilməsinə, yüzlərlə aviareysin ləğvinə və telefon rabitəsi şəbəkələrinin fəaliyyətinin dayanmasına səbəb olub. Aralarında 24 saat fasilə olan Boelo və Austen fırtınaları nəticəsində Böyük Britaniyada 82 mindən çox, Fransada təxminən 60 min, Almaniyada isə ən azı 10 min ev elektrik enerjisiz qalıb.
Şotlandiyanın qərbində yerləşən Arqayl-end-Büt bölgəsində küləyin sürəti saatda 135 kilometrə çatıb. Güclü külək ağacların aşmasına, qırılan elektrik xətlərinin isə ölkə üzrə avtomobil və dəmir yollarında hərəkətin dayanmasına səbəb olub.
Manş boğazının digər sahilində yerləşən Fransanın şimalı da güclü küləklərin təsirinə məruz qalıb. Fransanın enerji şirkəti Enedis şənbə günü Austen fırtınasının ən şiddətli olduğu vaxt təxminən 288 min evə elektrik enerjisinin verilmədiyini açıqlayıb.
Dünən günorta saatlarına olan məlumata görə, əsasən Normandiya və Bretan bölgələrində yerləşən təxminən 59 min evdə elektrik enerjisinin verilməsi hələ də bərpa olunmamışdı.
Şirkət elektrik enerjisinin verilməsini bərpa etmək üçün Enedis-in 2 600 texnikininin və podratçı şirkətlərin əməkdaşlarının çalışdığını bildirib.