Süni intellekt sahəsinin qabaqcıllarından biri, Nobel mükafatı laureatı Geoffrey Hinton nəzarətsiz inkişaf edən süni intellektin bəşəriyyət üçün ciddi təhlükəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, o bildirib ki, bu ilin sonunadək və ya 2027-ci ildə süni intellekt böyükmiqyaslı böhranlara, o cümlədən elektrik şəbəkələrinin sıradan çıxmasına və ya maliyyə sisteminin bir neçə gün ərzində fəaliyyətini dayandırmasına səbəb ola bilər.
“Süni intellektin atalarından” biri hesab edilən Nobel mükafatçısı, kompüter alimi Geoffrey Hinton bəşəriyyətin, bəlkə də, bu texnologiyanı heç yaratmamasının daha yaxşı olacağını deyib.
Hinton süni intellektin yaxın gələcəkdə, bu ilin sonu və ya gələn il maliyyə sistemlərində, eləcə də elektrik şəbəkələrində müvəqqəti fasilələrə səbəb ola biləcək ciddi hadisələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.
O, süni intellekt sahəsindəki təhlükələrlə bağlı fikirlərinə baxmayaraq, özünü fəlakət ssenariləri ilə çıxış edən biri hesab etmədiyini vurğulayıb. Süni intellektin möhtəşəm gələcəyin qurulmasına töhfə verə biləcəyinə inandığını bildirən Hinton bununla belə, texnologiyanın yaradılmasının ümumiyyətlə düzgün qərar olub-olmadığını şübhə altına alıb.
Alim fikrini belə ifadə edib: “Bəlkə də süni intellekti heç yaratmamağımız daha yaxşı olardı”.