Yunanıstanın paytaxtı Afinada şagirdlər dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin artırılması tələbi ilə etiraz aksiyası keçiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şəhər mərkəzində toplaşan şagirdlər Sintagma meydanında yerləşən parlament binasına doğru yürüş ediblər. Aksiyaya Orta Məktəb Müəllimləri Federasiyası (OLME) də dəstək verib. Etirazda iştirakın asanlaşdırılması məqsədilə müəllimlər də dörd saatlıq tətil ediblər.
Aksiya iştirakçıları təhsil sahəsinə ayrılan büdcənin yetərli olmadığını bildirərək məktəb binalarının təmir edilməsini, siniflərdə şagird sayının azaldılmasını və müəllimlərin sayının artırılmasını tələb ediblər.
Həyat bahalığına da diqqət çəkən şagird və müəllimlər hökumətdən təhsil sahəsinə göstərilən maliyyə dəstəyinin artırılmasını istəyiblər.
Fransada keçirilən etiraz aksiyalarına da toxunan iştirakçılar şüarlar səsləndirərək, ilk növbədə Fransa olmaqla, Avropanın digər ölkələrindəki şagirdlərlə həmrəy olduqlarını bildiriblər.