Tramp CNBC telekanalının efirinə telefonla qoşularaq Huangın “Nvidia” şirkətində rəhbər vəzifəyə yenidən təyin olunması ilə bağlı fikirlərini bölüşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətinin İdarə Heyəti ilə görüşdüyünü və Censen Huangı yenidən baş icraçı direktor (CEO) vəzifəsinə qaytarmağa razı saldığını bildirib.
Huangın vəzifəsinə qayıtmalı olduğuna inandığını bildirən Tramp hərtərəfli araşdırmanın onun bəzi yanlış qərarlar verdiyini, lakin “əvəzsiz bir çip hazırlamaqdan” başqa heç bir səhvə yol vermədiyini göstərdiyini qeyd edib.
Tramp yaxın gələcəkdə mövcud çiplərdən daha güclü məhsulların istehsal oluna biləcəyinə diqqət çəkərək Huangın bu işi hər kəsdən daha yaxşı bacardığını bildirib. Onun sözlərinə görə, Çin Prezidenti Si Cinpin də bu fikirlə razıdır.
İstedadlı insanların qorunmasının vacibliyini vurğulayan Tramp deyib:
“Censen də şübhəsiz ki, dahidir. Onsuz da belə insanlar kifayət qədər deyil. Açığı, o, ailəsi ilə birlikdə çox ağır bir prosesdən keçib”.
Huangın mümkün cinayət məsuliyyəti və ixrac nəzarəti ilə bağlı suala cavabında Tramp hərtərəfli araşdırma nəticəsində onun təqsirsizliyinin müəyyən edildiyini bildirib.
Tramp Huangın əvvəlki nəsil çipləri xarici ölkələrə satmasına icazə verildiyini xatırladıb. Bununla yanaşı, daha müasir və güclü çiplərin digər ölkələrə satışının problem yarada biləcəyini qeyd edib.