Ukrayna Xarici İşlər Nazirliyi İranı Rusiyanın Ukraynaya təcavüzünü artıracaq hər hansı bəyanat və ya addımlardan çəkinməyə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko İran administrasiyasının “Rusiyanın Ukraynaya təcavüzünə haqq qazandıran” bəyanatları ilə bağlı fikir bildirib:
“Rusiya müharibəsi başlayandan İran açıq şəkildə neytrallığını bəyan edib. O, atəşkəsə və siyasi-diplomatik həll yoluna çağırıb. Bu kontekstdə Ukrayna tərəfi İran administrasiyasının ritorikasının dəyişməsindən narahatdır. Rusiyanın təcavüzkar hərəkətlərinə göz yummaq Rusiyanı Ukrayna xalqına qarşı əsassız müharibəni davam etdirməyə təşviq etməklə yanaşı, həm də dünyanın digər bölgələrində sülh və təhlükəsizliyin pozulmasına zəmin yaradır. Ukraynanın guya Rusiyaya qarşı təcavüzə hazırlaşması ilə bağlı bütün ittihamlar əsassız və manipulyasiyadır. Biz İran tərəfini Rusiyanın Ukraynaya qarşı təcavüzünü qızışdıracaq hər hansı bəyanat və ya hərəkətdən çəkinməyə çağırırıq”.