Boris Conson "Dauninq Strit-10"dan (baş nazirin ofisi - red.) getməzdən əvvəl prezident Vladimir Zelenskini görmək üçün Ukraynaya üçüncü səfərini etmək istəyir.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Teleqraf" qəzeti məlumat yayıb.
Baş nazirə yaxın qaynaqlardan birinin dediyinə görə, Boris Conson ətrafındakılara Ukraynanı yalnız buraxmaq istəmədiyini söyləyib.
"Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskinin ən böyük himayədarı olmağın məsuliyyət yükünü hiss edir. O, dünyanın Zelenskini dəstəklədiyinə əmin olmadan onu tərk etmək istəmir. Bu səfər də bununla bağlıdır", - deyə mənbə bildirib.
Xatırladaq ki, Rusiyanın tammiqyaslı işğalı başlayandan sonra Ukraynaya fəal dəstək verən Boris Conson bu ilin iyul ayının 7-də Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb.