Britaniyalı tədqiqatçılar arıqlamaq üçün elmi düstur yayımlayıblar. Bir sıra təcrübələr aparan tədqiqatçılar 70 faiz daha çox kalori yandırmağa imkan verən üsulu izah ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nottingem Trent Universitetində çalışan alimlər daha çox kalori yandırmağa imkan verən üsulu müəyyən etməyə müvəffəq olublar.
İngiltərənin Mirror qəzetinin "qabaqcıl tədqiqat" olaraq başlatdığı araşdırma çərçivəsində könüllülərdən velosiped sürmələri istənilib.
Bir qrupa 7 saat oruc tutmaq və sonra məşq etmək tapşırılıb. Digər qrup isə 2 saat oruc tutduqdan sonra eyni proseduru həyata keçirib.
Hər iki qrupdakı iştirakçılar eyni hərəkətləri axşam saat 18:30-da yerinə yetiriblər və komanda məşqdən sonra müxtəlif ölçmələr aparıb.
Nəticələr göstərib ki, daha çox oruc tutan qrup digər komandadakı iştirakçılara nisbətən 70 faiz daha çox kalori yandırıb.
Eyni araşdırmaya görə, acqarına məşq edənlər axşam yeməyində təxminən 100 kalori daha çox, məşq edənlər isə gün ərzində orta hesabla 440 kalori daha az qəbul ediblər.
Dərc edilmiş hesabata aşağıdakı ifadələr daxil edilib:
“Axşam məşqindən əvvəl bir müddət oruc tutmaq məşq zamanı yandırılan yağ miqdarını artıraraq və gün ərzində yeyilən kalorilərin sayını azaltmaqla sağlamlığın bəzi aspektlərinə fayda verə bilər”.