GUAM dövlətləri müharibənin nə olduğunu bilir. Rusiya ancaq işğal, dağıntı, qeyri-sabitlik və problemlər gətirir.
Manset.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba GUAM XİN Şurasının onlayn formatda keçirilmiş iclasında deyib.
“Rusiya qoşunları Moldova və Azərbaycan ərazisində özlərini sülhməramlı kimi göstərsələr də, əslində onlar sülh yolu ilə nizamlanmaya, ədalətin və ərazi bütövlüyünün bərpasına mane olurlar”, - Kuleba bildirib.
O, Rusiyanın GUAM dövlətləri üçün qarşılıqlı fəaliyyət və qarşılıqlı faydalı inkişaf məkanı hesab edilən Qara dənizi faktiki olaraq müharibə zonasına çevirdiyini vurğulayıb.
Kuleba eyni zamanda, GUAM çərçivəsində təkcə iqtisadi tərəfdaşlığı deyil, təhlükəsizliyi gücləndirməyi təklif edib və Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən təqdim olunan "sülh formulu"nun həyata keçirilməsi üzrə birgə əməkdaşlığa çağırış edib.
“Bütün ölkələr faktiki olaraq Ukraynanın qələbəsində maraqlıdır. Qalan ssenarilər təhlükəli olacaq. Rusiyanın iştahası təkcə Ukrayna ilə məhdudlaşmır və onlar bacarsaydı daha da irəli gedərdilər. Amma yeni dondurulmuş münaqişədə heç kim maraqlı deyil. Bizim ölkələr bunun nə demək olduğunu çox yaxşı bilirlər. Rus imperializminə son qoymağın vaxtıdır. Biz təkcə Ukrayna üçün deyil, bütün region və dünya üçün bu təhlükəni aradan qaldırmalıyıq. Ukrayna tərəfdaşlarımızın davamlı dəstəyi ilə bunu edə bilər", - Ukrayna XİN rəhbəri fikrini yekunlaşdırıb.