Afrika qitəsinin neft və qazla zəngin ölkəsi Nigeriyanın cənubunda 40 qeyri-qanuni neftayırma zavodu məhv edilib.
Manset.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Musa Danmadami verdiyi açıqlamada ordunun ölkənin cənubundakı Delta əyalətində qaçaqmalçılara qarşı əməliyyatlar apardığını bildirib.
Danmadami əməliyyatlar zamanı 40 qeyri-qanuni neft emalı zavodunun müəyyən edilərək məhv edildiyini, 222 min litr xam neft, 83 min litr dizel yağı və 10 min litr kerosin ələ keçirildiyini açıqlayıb.
Əməliyyatlar zamanı 53 qaçaqmalçının saxlanıldığını qeyd edən Danmadami, 8 tanker, 11 nəqliyyat vasitəsi, 39 sürətli qayıq və 6 silahın ələ keçirildiyi barədə məlumat paylaşıb.
Nigeriyada 200-dən çox qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir.
Qeyd edək ki, Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təqribən 37 milyard barreldir ki, bu da dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.
Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.
Neft yataqlarının yerləşdiyi Delta bölgəsində neft mədənlərində silahlı qruplar tərəfindən təxribat, qarşıdurma, adam oğurluğu kimi hadisələr baş verir.
Jalə
Maşet.az