Tayvanda MianBaobao kimi tanınan bir idman fenomeni xərçəng xəstəsi olduğu yalanı ilə 3 il insanları aldadıb.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, fenomen 3 il əvvəl ona irəliləmiş mədəaltı vəzi xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. O, bu yalanla ianələr və sponsor yardımları toplayaraq sərvət qazanıb.
3 il ərzində sosial şəbəkədə “hər gün xərçənglə mübarizə aparıram” həştəqi ilə məşq videolarını paylaşib. Bir çox brendlər sponsor kimi ona maddi yardım edib, eləcə də ianə kampaniyaları təşkil edilib.
Lakin fenomenin keçmiş həyat yoldaşı bu yalanın üstünü açıb. O, keçmiş həyat yoldaşının hər dəfə müalicəyə gedəndə ailəsini xəstəxananın girişində qoyub Həkimlə tək görüşmək üçün təkid etdiyini bildirib.
Həmçinin, 2021-ci ildə ailənin ümumi tibbi xərclərinin 275 dolları keçmədiyini və son iki ildə onda nə həkim, nə diaqnostik hesabat, nə də xəstəxana qəbzi görmədiyini qeyd edib.
Bəzi istifadəçilər də fenomenin paylaşdığı rentgen görüntülərini internetdən götürdüyünü müəyyən ediblər. Həmçinin, həkimlər irəliləmiş mədəaltı vəzi xərçəngi diaqnozu ilə beş il sağ qalma şamsının yüzdə 5-10 faiz olduğunu bildiriblər.
Bundan sonra MianBaobao izləyicilərindən üzr istəyib və ailəsi də daxil olmaqla hamıya yalan danışdığını etiraf edib. O, müqavilə bağladığı şirkətlərə təzminat ödəməyi təklif edib.
Qeyd edək ki, MianBaobao xərçənglə mübarizə aparırmış kimi görünərək ianə toplayan ilk fenomen deyil. Yanvar ayında Madison Russo adlı bir TikTok istifadəçisi də mədəaltı vəzi xərçənginin 2-ci mərhələsi diaqnozu ilə GoFundMe və TikTok-da 37 min dollar toplayıb. Bundan sonra o, həbs olunub.