Avropa İttifaqı (Aİ) tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan Ermənistana hərbi yardım göstərməkdən imtina edib.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
Onun sözlərinə görə, o, Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşəndə imtina cavabı alıb. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnikanın alınmasına kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib.
“Bu mexanizm vasitəsilə Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Ermənistanın tələbi Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik səyləri göstərməsi, həmçinin “münaqişənin həssaslığı” əsas gətirilərək, rədd edilib”, - deyə Simonyan bildirib.
“Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - deyə Ermənistan parlamentinin sədri əlavə edib.