“Böyük yeddilik” ölkələri Ukraynaya təhlükəsizlik və iqtisadiyyat sahəsində planlaşdırdıqları uzunmüddətli dəstəyin sabit edildiyi birgə bəyannaməni razılaşdırıblar.
Manset.az xəbər verir ki, bu barədə, Ukraynanın milli xəbər agentliyi olan "ukinform.net" Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermakın açıqlamasına əsasən yazıb.
Məlumata görə, Andrey Yermak "G7" ölkələrinin Ukraynaya dəstəklə bağlı birgə bəyannamələrinin olduğunu qeyd edib: “Müdafiə sahəsində çox güclü razılaşmalarımız və "G7" ölkələri tərəfindən razılaşdırılan Ukraynaya birgə dəstək haqqında bəyannaməmiz var”.
Andrey Yermak həmçinin, bildirib: O, dövlətimiz üçün təhlükəsizlik təminatları ilə bağlı Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə ikitərəfli razılaşmalar sisteminin qurulması yolunda mühüm addımdır”. Andrey Yermakın fikirlərinə görə, bəyannamə həm Ukraynanın ehtiyaclarını, həm də tərəfdaşların imkanlarını nəzərə alan birgə məhsuldur. Bəyannamə çərçivə sənədidir. Növbəti addım isə Ukrayna və ayrı-ayrı qarant ölkələr arasında təhlükəsizlik üzrə çoxtərəfli qarşılıqlı fəaliyyət çərçivələri ilə birləşdirilən ikitərəfli razılaşmalar sisteminin qurulmasıdır.