Mitinqlərində tez-tez Tövratdan sitatlar gətirən Argentina prezidenti Xavyer Miley xristianlıqdan yəhudiliyə keçəcəyini deyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrailə səfəri zamanı şəxsi ravvinini də özü ilə aparıb Qüdsdə yəhudilər üçün müqəddəs sayılan Ağlama Divarını qucaqlayan Miley İsraildən daha sonra Vatikanda Papa ilə görüşəcək.
Miley ölkəyə etdiyi ilk rəsmi səfərdə Argentinanın İsraildəki səfirliyini Qüdsə köçürəcəyini bildirib. Həmçinin, o İsrail prezidenti İsaak Hersoqla görüşündə HƏMAS-ı terror təşkilatı elan edəcəklərini bildirib.
Argentina liderinin Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını açıqlaması İsraildə müsbət qarşılanıb. İndiyədək ABŞ, Qvatemala, Honduras, Papua Yeni Qvineya və Kosovo Qüdsdə səfirlik açan ölkələrdir.
Qeyd edək ki, noyabrda sürpriz seçki qələbəsindən sonra Miley Buenos-Ayresdəki yəhudi məhəlləsinə gedib və dini mərasimdə iştirak etmişdi.
Əfsanə Rəcəb
Manşet.az