“Turantv.az” saytının rəhbəri Ramin Sadıqlı və “bölgeinfo” saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin ittiham olunduqları cinayət işi üzrə məhkəmənin sonuncu iclası keçirilib.
Manset.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramin Sadıqlı 6 il 3 ay, Vüqar Quliyev isə 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramin Sadıqlı və Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.