Biləsuvarda dağıntılar altından 1 qadının meyiti çıxarıldı - VİDEO + YENİLƏNİB

09:36 - 25 Aprel 2023

Biləsuvarda dağıntılar altından 1 qadının meyiti çıxarıldı - VİDEO + YENİLƏNİB

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

 

Nazirlikdən Manset.az-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib. 

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində  dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

***

Biləsuvarda partlayışda dağıntılar altından çıxarılan şəxslərin ana və onun övladı olması məlum olub.

“Qafqazinfo” xəbər verir ki, həmin şəxslər Yusif Fərqan oğlu Əliyev və Günay Cəfər qızı Əliyevadır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ümumilikdə partlayışla əlaqədar keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az