Gimnastikada “Pro Sport” imzası - Bakıda keçirilən beynəlxalq yarış uğurla başa çatdı

16:54 - 19 Mart 2026

Gimnastikada “Pro Sport” imzası - Bakıda keçirilən beynəlxalq yarış uğurla başa çatdı

Bakıda “Spring Miracle 2026” beynəlxalq bədii gimnastika turniri möhtəşəm şəkildə keçirilib. Bakı şəhəri növbəti dəfə mötəbər idman tədbirinə ev sahibliyi edərək, “Pro Sport” İdman Klubunun təşkilatçılığı ilə keçirilən “Spring Miracle 2026” beynəlxalq bədii gimnastika turnirini böyük uğurla başa vurub.


Manset.az xəbər verir ki, iki gün davam edən və əsl idman bayramına çevrilən bu yarışda Azərbaycanla yanaşı, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan 200-dən çox gimnast öz məharətini nümayiş etdirib. Yarışın coğrafiyası yalnız paytaxt Bakı ilə məhdudlaşmayıb, eyni zamanda regionlardan, xüsusilə Quba şəhərindən olan gimnastların iştirakı turnirə xüsusi rəng qatıb.

Klubun təsisçilərindən , beynəlxalq və milli dərəcəli hakim, məşqçi Leyla Hüseynli bildirib ki, bu gün ölkəmizin bütün sahələrində, xüsusən də idmanda müşahidə olunan inkişaf danılmazdır. O, bədii gimnastikanın Azərbaycanda öz inkişaf dövrünü yaşamasının bilavasitə Ölkənin I vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. L.Hüseynli qeyd edib ki, onlar da öz növbələrində gimnastikanın kütləviləşməsi, gənc və yeniyetmə idmançıların dəstəklənməsi üçün əllərindən gələni etməyə çalışırlar.

“Spring Miracle 2026” turniri yalnız bir yarış deyil, həm də estetika, emosiyalar və idman ruhunun qovuşduğu xüsusi bir platforma kimi yadda qalıb. Zalda qurulan incə dekorasiya, yüksək səviyyəli təşkilatçılıq və hər bir idmançı üçün hazırlanan xüsusi medallar, diplomlar və xatirə hədiyyələri gimnastlar üçün böyük motivasiya mənbəyinə çevrilib. “Pro Sport” komandasının əsas məqsədi gənc gimnastlar üçün onların beynəlxalq təcrübə qazanacağı və özlərini ifadə edə biləcəyi peşəkar bir mühit yaratmaqdır. Artıq ənənə halını alan bu turnir hər il daha da böyüyərək Azərbaycan gimnastikasının inkişafına mühüm töhfələr verir. Qarşıda isə idmançıları daha böyük hədəflər və digər ölkələrdə keçiriləcək beynəlxalq yarışlar gözləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az