"Fənərbağça" klubunun prezidenti Sadəddin Saran və qardaşı Alan Kenan Saran qanunsuz mərc oyunlarının təbliğinə təşviq etmək ittihamı ilə mühakimə olunduqları cinayət işi üzrə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ittihama əsasən, Sadettin Sarana məxsus media qrupu vasitəsilə yayımlanan futbol qarşılaşmaları zamanı qanunsuz mərc platformalarının reklamının nümayiş etdirildiyi müəyyən edilib. Bu səbəbdən prokurorluq tərəfindən hazırlanmış ittiham aktında Saran və digər təqsirləndirilən şəxslər barəsində 3 ilədək həbs cəzası istənilmişdi.
Məhkəmə iclasında Sadəddin Saran iştirak etməyib, onun və digər təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə təmsil olunublar. Saranın iclasda olmaması səbəbindən onun yekun ifadəsi alınmayıb.
Məhkəmə prosesində Türkiyə Futbol Federasiyasının nümayəndəsi təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edib. Müdafiə tərəfi isə müvəkkillərinin təqsirsiz hesab olunaraq bəraət verilməsini istəyib. Məhkəmə yekunda Sadettin Saran və Alan Kenan Saran barəsində 2 il 6 ay müddətinə həbs hökmü çıxarıb.