Azərbaycan çempionu "Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İsveçrə "Sürix"ini qəbul edir.
İlk mərhələdə Polşa çempionu "Lex"i ümumi hesabda 5:1 üstələyən təmsilçimizə bu gün də ümidlər böyükdür.
Maraqlıdır, məşhur futbol azarkeşlərimiz Qurban Qurbanovun komandasından hansı nəticəni gözləyir. Manset.az-ın keçirdiyi qısa sorğunu təqdim edirik:
Bəstəkar, Xalq artisti Eldar Mansurov
"Azərbaycan komandaları kiminlə oynayır oynasın, həmişə qələbə qazanmağımızı istəyirəm. "Lex"lə oyuna baxmışam və ümid edirəm ki, "Qarabağ" yenə də yaxşı oynayacaq. Amma bu, doğrudan da çətin rəqibdir. İstənilən halda "Qarabağ"a uğurlar arzulayıram. Çünki bu, Azərbaycan futbolu, Azərbaycan bayrağıdır. Oyuna proqnoz vermək çox çətindir. Düzdür, "Qarabağ" bu gün həm heyətinə, həm məşqçisinə görə digər komandalarımızdan fərqlənir, güclüdür. Ancaq meydan düz, top yumrudur. Ona görə də nəsə deməyə çətinlik çəkirəm. Bir də görürsən ki, oyunçu təkbətək çıxır, qol vura bilmir. Bu baxımdan nəsə demək çətindir. Mən Nostradamus deyiləm ki, hesab deyim. Sadəcə ürəyimdən keçənləri deyirəm. Mərhələni kimin keçəcəyini deyə bilmərəm. Bu oyunda həm də şans lazımdır".
Ustad xanəndə, Xalq artisti Mənsum İbrahimov:
"Təbii ki, "Qarabağ" həm komanda kimi, həm də adına görə hamımız üçün əzizdir. "Lex"lə Bakıdakı oyunu
Belçikada izlədik. "Şuşa ili" ilə bağlı Belçikada konsertə getmişdik. Konsertdən əvvəl telefonla oyuna baxdıq, 5:1
hesablı qələbədən sonraq əhvalımız daha da yüksəldi. "Sürix" də çox güclü komandadır. Hamımızın dualarımız "Qarabağ"ladır. Ən azından minimal hesablı qələbə gözləyirəm. Hər halda torpaq güclüdür (gülür). Həm də "Qarabağ"ın arxasında çoxmilyonluq azarkeş ordusu var. İnanıram ki, mərhələni keçən tərəf komandamız olacaq. Muğam müsabiqəsinin yayım günü olduğu üçün oyunu izləyə bilməyəcəyəm, amma dualarım komandamızladır".
Xanəndə, Əməkdar artist Cabir Abdullayev:
"Düşünürəm ki, "Qarabağ" bu görüşdə qalib gələcək. Nədənsə ağlıma daha çox 2:1 hesabı gəlir. İki oyunun
nəticəsinə görə komandamız mərhələni keçəcək. Çünki yaxşı başlayıblar. Oyunu tribunadan izləməsəm də,
televiziya vasitəsilə baxacağam.
Qeyd edək ki, Bosniya və Hersoqovinadan olan hakimlər briqadasının idarə edəcəyi görüş saat 20-:00-da başlayacaq.