logo
logo logo
logo

"20 sentyabr Azərbaycanın zəfər tarixidir"

15:00 - 20 Sentyabr 2026

\"20 sentyabr Azərbaycanın zəfər tarixidir\"

Xalqımız bu gün 20 sentyabr “Dövlət Suverenliyi Günü”nü böyük sevinc və qürur hissilə qeyd edir. 


19–20 sentyabr 2023-cü ildə Azərbaycan təkcə bir hərbi əməliyyatla dövlət suverenliyini bərpa etmədi, eyni zamanda Cənubii Qafqazın geosiyasi xəritəsini dəyişdirdi. Bu hadisənin əhəmiyyətini yalnız 44 günlük Vətən müharibəsinin davamı kimi qiymətləndirmək də kifayət deyil. 

Onun daha dərin – hüquqi, siyasi, tarixi-mənəvi, geosiyasi və ədalət mühakiməsi baxımından mühüm əhəmiyyəti vardır.

1. Hüquqi əhəmiyyəti

Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini hərbi-siyasi yolla, öz gücü hesabına icra etdi. Azərbaycanın konstitusiya quruluşu və suverenliyi ölkənin bütün ərazisində bərpa edildi, dövlət bayrağımız bu ərazilərdə əbədi olaraq dalğalanmaq üçün ucaldıldı. Bu isə beynəlxalq hüququn Azərbaycan tərəfindən təmin edilmiş təntənəsidir.

2. Siyasi əhəmiyyəti

Təxminən üç onillik ərzində Qarabağ münaqişəsi postsovet məkanının ən uzunmüddətli həll olunmamış münaqişələrindən biri idi. ATƏT-in Minsk prosesi 1990-cı illərdən etibarən münaqişənin siyasi həllinə uğursuz şəkildə vasitəçilik edirdi. Lakin faktiki olaraq işğalın nəticələrinin legitimləşdirilməsinə, Azərbaycanın torpaq itkisi ilə barışmasına çalışırdı.

Lakin Azərbaycan bütün bu haqsızlığa son verərək ATƏT məkanında ərazi  münaqişəsini həll edən yeganə dövlət kimi adını tarixə qızıl hərflərlə yazdırdı. Müharibəni nə vaxt başlayıb, nə vaxt uğurla başa çatdırmaq, separatizmin kökünü necə kəsmək baxımından ölkəmiz dünyaya örnək oldu. Təsəvvür edin ki, ABŞ kimi supergüc bir ildir İranla müharibəyə başlayıb, lakin müharibəni başa çatdıra bilmir. Və yaxud dünyanın ikinci ən böyük ordusuna malik Rusiya kimi nəhəng dövlət beş ildir Ukraynaya qarşı müharibə aparır, lakin müharibə bataqlığından çıxa bilmir. Düzdür, bizim müharibəmiz onlardan fərqli olaraq azadlıq müharibəsi idi, lakin mühariəbələrin konsepsiyası eynidir.

Nəhayət, Ermənistan Vaşinqtonda Azərbaycanın diktəsilə hazırlanmış sülh sazişinin mətnini parafladı, indi və gələcəkdə ölkəmizə qarşı ərazi iddialarından birdəfəlik imtina etdi və qələbənin nəticələrini rəsmən tanıdı. 

3. Geosiyasi əhəmiyyəti

Azərbaycanın Zəfəri yalnız Qarabağın azad edilməsi ilə nəticələnmədi, eyni zamanda Cənubi Qafqazın geosiyasi xəritəsini və regionda güc balansını tamamilə dəyişdi. Rusiyanın hərbi kontingenti vaxtından əvvəl ölkəmizi tərk etməyə məcbur oldu, onun regionda 200 ildəki dominant rolu xeyli dərəcədə azaldı, bəzi məqamlarda isə sıfırlandı. Münaqişə dövründə İranın istifadə etdiyi təsir rıçaqları sıradan çıxdı.

Azərbaycan Cənubi Qafqazda əsas söz sahibinə çevrildi, Avropa, Asiya və hətta Afrikada geosiyasi çəkisini artırdı. Mərkəzi Asiyanın Türk dövlətlərinin  Rusiyadan asılılıq hissi və hətta, deyərdim ki, qorxusu aradan qalxdi. 

Türkiyə ilə imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsindən sonra Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müttəfiqlik haqqında müqavilələr imzalandı. Türk dünyasını coğrafi baxımdan birləşdirən, Avropa ilə Asiya arasında ən qısa və sərfəli kommunikasiya xətlərinin inkişafına, Zəngəzur dəhlizinin həyata vəsiqə qazanmasına nail olundu.

Bu qələbə təkcə işğalçı Ermənistan və onun yaratdığı xunta rejimi üzərində qələbə deyildi. Bu, eyni zamanda bu işğalı hərbi, diplomatik və informasiya meydanında dəstəkləyən, işğalın nəticələrini legitimləşdirməyə çalışan, Ermənistanı şirnikləndirən Rusiya, İran, Fransa, Niderland, Belçika, ABŞ və bu kimi dövlətlərin, dünya erməniliyinin məğlubiyyəti idi.

4. Tarixi-mənəvi əhəmiyyəti

20 sentyabr 2023-cü ildə həyata keçirilən qısa müddətli əməliyyatın  çox böyük tarixi və mənəvi əhəmiyyəti var. Bu, ilk növbədə ondan ibarətdir ki, son iki əsrdə Çar Rusiyası və ondan sonra Sovet İttifaqı tərəfindən Qarabağda yaradılmış separatizm yuvası birdəfəlik dağıdıldı. Xankəndi, Xocalı kimi şəhərlərimiz erməni vandallarından və işğalçılarından azad edildi. Ermənilərin “Miatsum” ideologiyası süquta uğradı. Xalqımıza qarşı bu illər ərzində törədilmiş qanlı faciələr silsiləsinə son qoyuldu, şəhidlərimizin qisası döyüş meydanında alındı.

Bu, hər ay işğal günlərini qeyd etdiyimiz təqvimin yenilənməsi, işğal günlərinin qan yaddaşımızdan silinməsi və Zəfər günləri ilə əvəzlənməsi idi.

Bu, xəyalların və qayıdış arzusunun gerçəkləşməsi idi. 

Bu, Azərbaycanın məğlubiyyət sindromundan xilas olduğu, qalib və müzəffər xalq kimi özünü təsdiq etdiyi, zədələnmiş milli qürur və milli heysiyyətimizin bərpa olunduğu tarixi məqam idi. 

Ona görə də suverenliyin bərpasının çox  böyük tarixi və mənəvi mahiyyəti var.

5. Müharibə canilərinin ədalət mühakiməsinə cəlb edilməsi

20 sentyabr hadisəsinin ən güclü tərəflərindən biri də müharibə canilərinin ədalət mühakiməsinə cəlb edilməsidir. Məsələ burasındadır ki, Azərbaycan müharibəni qazanmaqla, ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə işini yekunlaşdırmadı. Müharibə cinayətləri törətmiş şəxsləri həbs edərək onları ədalət mühakiməsinə cəlb edə bildi. Bu, çox önəmli hüquqi nailiyyətdir.

Çünki müharibəni qazandıqdan sonra xalqımıza, ümumiyyətlə, insanlığa qarşı cinayət törətmiş şəxslər cəzasız qalsaydı, qələbənin mənəvi-hüquqi və ədalət tərəfi tam olaraq tamamlanmazdı.  Ona görə də Azərbaycan beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn, ən vacibi isə Azərbaycan Konstitusiyası və qanunvericiliyinin tələblərinə uyğun olaraq müharibə cinayətləri, soyqırımı cinayəti və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin cinayət əməllərini məhkəmədə açıq və şəffaf şəkildə sübut edərək onlara layiq olduqları cəzanı verdi.

Bu cəza etnik mənsubiyyətə görə intiqam aktı da deyil. Bu cəza yalnız və yalnız haqq və ədalətin təntənəsi, törədilən əmələ verilən hüquqi qiymətdir. Bu isə təkcə erməni canilərinə deyil, bütün dünyada eyni cinayətləri törətmiş və ya gələcəkdə törətmək potensialı olan hər kəsə bir dərsdir. Hamı bilməlidir ki, bu cür cinayətlər cəzasız qala bilməz və qalmır da. Çünki cəzasızlıq yeni münaqişə riskini artırır. BMT-nin xüsusi prosedurları da vurğulayır ki, insanlıq əleyhinə törədilmiş cinayətlər cəzasız qalarsa, bu, cinayətlərin davam etməsinə və təşviqinə səbəb ola bilər.

Nəhayət, ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra Azərbaycan misli görünməmiş quruculuq işlərinə başladı.

1. Azərbaycan əraziləri sürətlə minalardan təmizləməyə, yenidən dirçəltməyə və qurmağa başladı.

2. Keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə geri qayıdaraq öz torpaqlarında yaşamaq hüququnun reallaşdırılması nəticəsində bu günə  90 mindən çox azərbaycanlı bu ərazilərdə yaşayır və işləyir.

3. Xankəndiyə və bütövlükdə, Qarabağa Azərbaycanın təhsili, mədəniyyəti və milli ruhu qayıtdı. “Qarabağ Universiteti” təsis olundu, Zəfərimizin, o cümlədən suverenliyimizin daşıyıcılarından  birinə çevrildi.  

Sonda isə başda ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin memarı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, bütün xalqımızı və Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini “Dövlət Suverenliyi Günü” münasibətilə ürəkdən təbrik edirəm.

Bu şanlı tarixin bizə bəxş edən, qürur və sevinc hissini yaşadan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə isə möhkəm cansağlığı və uzun ömür arzulayıram.


Azay Quliyev

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az