“Neftçi”nin baş məşqçisi Laurentsiu Reqhekampf sabah Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda qarşılaşacaqları Kiprin “Aris” klubu ilə qarşılaşmadan danışıb.
Manşet.az xəbər verir ki, o, oyunöncəsi mətbuat konfransında əvvəlcə matç barədə fikirlərini bildirib:
“Hazırlıqdan sonra ilk rəsmi oyunumuzdur. Düşünürəm ki, sabah yaxşı oyun keçirəcəyik. Qalib gələcəyimizə inanıram”.
- Son yoxlama matçında Mamadu Mbodj sağ cinahda oynayırdı. Sabah da o, eyni mövqedə çıxış edəcək?
- Sabahkı oyun üçün heyəti sizə deyə bilmərəm. Toplanışda çox şeyi yoxlamışıq. Çalışırıq ki, ən yaxşı “11-liy”i seçək. Biz elə oynamalıyıq ki, rəqib bizə qarşı çətinlik çəksin. Söhbət təkcə müdafiə xəttindən getmir, bütün komanda oynamalıdır. Komanda şəklində müdafiə olunmalıyıq.
- Kipr klublarına qarşı Azərbaycan təmsilçiləri yaxşı nəticə göstərib. Bu statistika “Neftçi” üçün yük, yoxsa motivasiya olacaq?
- Keçmişdə nə baş veribsə, önəmli deyil, sabah nə olacağı daha vacibdir. “Aris”in yaxşı heyəti, məşqçisi var. Aqressiv futbol oynayırlar. “Aris”ə qarşı asan oyun olmayacaq. Oyunçularım “Aris”in yaxşı tərəflərin bilirlər. Sabah rəqib press edəcək, fiziki cəhətdən hazırdırlar. Azarkeş amili fə onlara kömək edəcək. Öz komandama inanıram.
- UEFA səfər qolunu ləğv edib. Hansı nəticə sizə sabah sərf edəcək?
- Nəticə haqqında danışmağın önəmli olduğunu düşünmürəm. İstənilən pozitiv hesab bizi qane edəcək. Çünki evdə onlarla oyunumuz var.
- Qısa müddətdə burdasız. İstədiklərinizin nə qədərini həyata keçirmisiz?
- Mənim futbolçulara mesajım bəllidir. Məşqçilər heyəti ilə birlikdə çalışırıq. Bilirsiz ki, müddət az idi. Eyni anda da fiziki cəhətdən onlarla işləmək lazım idi. Bəzi futbolçular bizə gec qoşuldu. Bir az vaxta ehtiyacımız var.
- Bura gələrkən azarkeşlərin ən çox sevindiyi şey “Styaua” ilə avrokuboklardakı uğurlu olmanız idi. Bu sizə məsuliyyət yükləmir?
- Bu vacib amildir, çünki beynəlxalq oyunlarda təcrübəm var. Bildiklərimi futbolçularıma çatdırım. Amma meydançada oynayan onlardır, məsuliyyəti üzərlərinə götürməlidirlər. Çox vacibdir ki, biz komanda şəklində birlikdə oynayaq.
- Rəqibin pressin edəcəyini bildirdiniz. Əks-hücuma bel bağlayacaqsız, yoxsa “Bakcell Arena”dakı kimi hiss etdirəcəksiniz?
- Yaxşı sualdır və hər şeyi doğru vurğuladınız. Matçın hər anına uyğun taktika seçmək lazımdır. Hər matçın dinamikası seçilən taktikanı dəyişə bilər. Biz bir komanda şəklində çıxış etməliyik.
- “Qazientep”lə matçdan sonra bildirmişdiniz ki, son nöqtəni qoya bilmirik. Bu müddət ərzində problemi aradan qaldırmısız? Sezar Meza Kollinin olmaması bunda rol oynayır?
- Mən sırf həmin matça görə o fikirldirmişdim. Bilirsiz ki, toplanışın son günləri konsentrasiya əvvəlki kimi olmur. Amma bütün çatışmazlıqlar üzərində işləmişik. Futbolçulara topu necə cərimə meydançasına gətirməsini izah etmişik. Bundan sonrası isə futbolçuların keyfiyyətinə qalıb.