"İlk duyğular sevincdir. Qələbə qazandığımız üçün məmnunluq hissi var. Növbəti mərhələyə yüksəlmək "Sabah" üçün tarixi hadisədir. Komanda avrokuboklarda ilk ev oyununda 1-ci qələbəsini qazandı. Bizim yaxşı rəqibimiz var idi. Onlar ötən mövsüm Konfrans Liqasının qrupunda çıxış edirdilər".
Manset.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində RFS-ə 2:0 hesabı qalib gələrək növbəti mərhələyə yüksəldikləri cavab oyunundan sonra "Matç TV"yə müsahibəsində deyib.
"Uğuru qeyd etməyə vaxt yoxdur, iki gündən sonra Azərbaycan çempionatına start veririk və bir həftədən sonra Konfrans Liqasında “Partizan”la oynayacağıq. Biz hər şeyi tez təhlil edib irəli getməliyik" -deyə o bildirib.
Rusiyalı mütəxəssis qarşıda çox işlərinin olduğunu vurğulayb: "Komanda bir az dəyişib, yeni oyunçular gəlib və hələ ki, istədiyimiz kimi oynamaq üçün kifayət qədər vaxt yoxdur. Ötən mövsüm bizim üçün uğurlu oldu, gümüş medal qazandıq. Ancaq çempionatın ən yaxşı oyunçularından birini itirdik".
Baş məşqçisi növbəti mərhələdəki rəqibləri "Partizan" haqda deyib: “Partizan” tarixən Serbiya futbolunun flaqmanıdır, onlarla matçlar maraqlı keçəcək. Bəlkə də gecələr onların oyunlarına baxmağa başlayacam. Belqradla oynamağımızda dəhşətli bir şey görmürəm, komandamız heç kimdən qorxmur, çıxıb istənilən rəqibə qarşı oynamağa hazırdır".
O, növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı söyləyib: "Düzünü desəm, transfer qiymətini və klubun tarixini götürsək, “Partizan” cütün favoritidir. Başa düşürük ki, bu, Avropada ilk mövsümüzdür. Hər oyun bizim üçün çətin olacaq. Amma biz meydana çıxıb əlimizdən gələni etməliyik. Biz çox və gərgin məşq edirik. Düşünürəm ki, bu, öz qabiliyyətlərimizə inam yaradır".
Mütəxəssis "Rusiya məşqçilik məktəbinə görə məsuliyyət hiss edirsiniz" sualını belə cavablandırıb: "Mən bunu Rusiyada işləyəndə hiss etdim. Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində üç mövsüm “Krasnodar”la oynayanda həm xal baxımından, həm də futbolun keyfiyyəti baxımından çox yaxşı nəticə göstərdik. İndi də Azərbaycandayam və yerli futbola daha çox məsuliyyət hiss edirəm. Ölkənin reytinqində mümkün qədər çox xal toplamaq istərdim və şadam ki, çıxışa iki qələbə ilə başladıq".