Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.
Manset.az xəbər verir ki, günün ikinci matçı Zirə İdman Kompleksinin stadionunda keçirilib.
İlk üç turda maksimum nəticə göstərən “Zirə” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edib.
Artıq 2-ci dəqiqədə hesab açılıb. Ukraynalı hücumçu Vladislav Kulaç meydan sahiblərini önə keçirib. 67-ci dəqiqədə isə qonaqlardan Amin Seydiyev qırmızı vərəqə alaraq meydandan qovulub.
Qarşılaşmada başqa qol olmayıb və "qartallar" ardıcıl 4-cü qələbə ilə liderliyini davam etdirir. Bir oyun az keçirən "Sabah" isə 4 xalla beşinci sıradadır.
Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə (1:1) ediblərsə, “Səbail” səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura avqustun 27-də keçiriləcək “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.