Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin əmək,
sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müalicə və
istirahətinin səmərəli təşkili məqsədilə bir sıra layihələr həyata keçirir. Belə
layihələrdən biri də səhiyyə sahəsində çalışan ittifaq üzvlərinin iştirak
etdiyi “Sağlamlığa doğru qaç!”dır. Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr
olunan layihə çərçivəsində iyunun 17-də Xankəndi şəhərində qaçış yarışının
final mərhələsi keçirilib. Finalda Hacıqabul, Ağcabədi, Lənkəran, Qusar, Şamaxı
rayonları, Mingəçevir, Gəncə və Bakı şəhərlərində keçirilmiş zona yarışlarının
qalibləri iştirak ediblər.
Manset.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin
ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Sahib Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə
təbrik edib, layihənin final mərhələsinin suverenliyimizin bərpa edildiyi Xankəndi
şəhərində təşkil olunmasını əlamətdar hadisə adlandırıb.
Bildirilib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib
xalqımız şanlı tarixinin ən parlaq dövrünü yaşayır və hər birimiz regionun
lideri, dünyada söz sahibi olan Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur
duyuruq. Dövlətimizin idman siyasətindən, tibb sahəsinə diqqət və qayğısından, Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sistemində reallaşdırılan
uğurlu layihələrdən danışan Konfederasiya sədri Azərbaycan həmkarlar
ittifaqlarının da bu cür təşəbbüslərinin ümumi məqsədlərə dəstək xarakteri
daşıdığını qeyd edib.
Sahib Məmmədov tibb işçilərinin iştirak etdiyi “Sağlamlığa doğru qaç”
layihəsinin asudə vaxtın mənalı keçirilməsi, sağlam həyat tərzinin təbliği,
ittifaq üzvləri arasında həmrəyliyin gücləndirilməsi baxımından faydalı
olduğunu bildirib və final iştirakçılarına uğurlar arzulayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışında
dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurda və
Qarabağda aparılan sistemli və sürətli abadlıq-quruculuq işlərindən, öz doğma
yurduna qayıdan sakinlərə yaradılan şəraitdən söz açıb və bugünkü idman tədbirinin
Xankəndidə təşkil olunmasının əhəmiyyətindən bəhs edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə
nazirinin müavini İlqar Qasımov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri
Rəhman Hacıyev isə çıxışlarında Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi, əhalinin sağlamlığının qorunması
istiqamətində atılan addımlardan, həkimlərimizin peşəkarlığından, xüsusilə
pandemiya və Vətən müharibəsi dövründə səhiyyə işçilərinin fədakar əməyindən
danışıblar.
Sonra vətənpərvərlik mövzusunda mahnılar və milli rəqslər tamaşaçılar
və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və onlarda xoş əhval-ruhiyyə yaradıb.
Start verilən beş min metr məsafəyə qaçışda zonalar üzrə qalib
olmuş 48 səhiyyə işçisi iştirak edib. Finiş xəttini ilk keçən 3 qadın və 3 kişi
iştirakçı finalın qalibi elan olunaraq pul mükafatı, diplom, medal və kubokla təltif
edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr
olunan “Sağlamlığa doğru qaç!” layihəsi asudə vaxtın səmərəli təşkili, fiziki
sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi
məqsədi ilə təşkil olunub. Final da daxil olmaqla layihəyə ümumilikdə 1500-dən
çox səhiyyə işçisi qatılıb.