Havanın temperaturu 30 dərəcəni keçdikdə qidalanmaya daha diqqətli yanaşmaq tövsiyə olunur. Mütəxəssislərin sözlərinə görə, isti havalarda ağır ət yeməkləri əvəzinə mərcimək, lobya, qoz-fındıq, qatıq, yumurtaya üstünlük vermək daha məqsədəuyğundur. Bu qidalar orqanizmdə daha az istilik yaradır və daha rahat həzm olunur.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, isti havalarda tərləmə ilə itirilən mayenin bərpası da vacibdir. Bunun üçün kifayət qədər su içməklə yanaşı, tərkibində yüksək miqdarda su olan xiyar, pomidor, qarpız, çiyələk, portağal və digər meyvə-tərəvəzlərin gündəlik rasiona daxil edilməsi məsləhət görülür.
Bundan əlavə, yemək saatlarının da isti havaya uyğunlaşdırılması tövsiyə edilir. Səhər yeməyini erkən saatlarda qəbul etmək, günün ən isti vaxtında ağır qidalardan uzaq durmaq və şam yeməyini axşam saatlarına saxlamaq orqanizmin istiyə uyğunlaşmasına kömək edir.
Mütəxəssislər bildirirlər ki, gündə 1-2 fincan qəhvə maye balansına ciddi təsir göstərmir. Lakin həddindən artıq kofein qəbulu susuzlaşma riskini artıra bilər.